Gördüyünüz diaqram 1860-1900-cü
illər arasında
ABŞ-ın 4 şəhərindəki
əhali artımını göstərir.
Vətəndaş müharibəsindən əvvəl,
yəni 1860-cı ildə
Nyu-York ABŞ-ın ən böyük şəhəri
olmasına baxmayaraq
əhali sayı bir milyondan çox deyildi.
Əslində, bütün ölkədə bir
milyondan çox əhaliyə sahib
şəhər yox idi desək, daha doğru olar.
Təxminən 40 il sonra isə artıq
üç şəhərin əhali sayı bir milyonu keçir,
Nyu-York əhalisi isə 3,5 milyona çatır.
Çikaqonun əhali artımı daha
kəskin idi: belə ki, 1860-cı
ildə yalnız yüz min olan
əhali sayı 1900-cü illərdə 17
dəfə artır və 1,7 milyon olur.
Ənənəvi olaraq amerikalılar, əsasən,
kənd təsərrüfatı ilə məşğul olublar,
ancaq 19-cu əsrdən başlayaraq
urbanizasiyaya meyil artdı.
1920-ci ildən ilk dəfə şəhər əhalisinin
sayı kənd əhalisinin sayını ötüb keçdi.
Bu gün isə amerikalıların təxminən
80%-i şəhərlərdə yaşayırlar.
Bəs vətəndaş müharibəsindən sonra baş
verən bu artımın əsas səbəbi nə idi?
Əsas faktorlar sənayeləşmə,
immiqrasiya və miqrasiya idi.
Bu zamana qədər birinci sənaye
inqilabının ixtiralarından
tutmuş 1840-cı illərdə alman
və irland immiqrantların amerikalılarla
birgə qərbə doğru köçünə qədər
müxtəlif məsələlərdən bəhs etmişik.
Bu üç anlayışın heç biri
ABŞ cəmiyyətində
yeni deyildi, ancaq
hər biri şəhərlərin inkişafına
xüsusi şəkildə təsir göstərir.
Dəyişən amillərdən biri insanların
çalışdığı peşələrlə bağlı idi.
Qızıla bürünmüş dövrdə ABŞ əmək
bazarında kəskin dönüş baş verir.
1880-ci ildə müəyyən
maaş qarşılığında
sahibkarlar üçün çalışan
işçilərin sayı öz işini
özü idarə edən, istədiyi
vaxt əkin-biçinlə məşğul olan
fermerlərin sayını ötüb keçdi.
Vətəndaş müharibəsindən sonra baş verən
ikinci sənaye inqilabı dövründə
sənaye istehsalı güclü
şəkildə inkişaf edir.
Fabrik-zavod sahəsində geniş
iş imkanı vardı və bunların
əksəriyyəti xüsusi bacarıq
tələb etmədiyindən
işçilər işə başlamazdan əvvəl
heç bir məşğələ keçmirdilər.
Qısası, insanlar ferma
işlərindən uzaqlaşaraq
sahibkarlar üçün görülən
zavod işlərinə yönəlirlər.
Digər bir dəyişiklik immiqrant və
miqrantların milliyəti ilə bağlıdır.
1840-cı ilə qədər ABŞ-a
köçən immiqrantlar, əsasən,
maddi vəziyyətləri yaxşı
olan və Avropanın şimal və
qərbindən gələn protestantlar idilər.
Vətəndaş müharibəsindən sonra
ABŞ-da mövcud olan iş imkanları
və digər faktorlar ölkəyə
müxtəlif insanlar cəlb edir.
Bu yeni immiqrantlar, əsasən,
cənubi və şərqi Avropadan,
Meksikadan, Asiyadan idilər və
əvvəlki immiqrantlardan özlərinin
dəri rənginə, aşağı maddi
vəziyyətlərinə, katolik, yaxud yəhudi
olmalarına görə fərqlənirdilər.
Əlavə olaraq afroamerikalılar da
cənubdan şimal və Orta Qərb
şəhərlərinə köçməyə başladılar.
Bu yeni immiqrant və miqrantlar böyük
işçi qüvvəsi mənasına gəlirdi.
Bəs nəyə görə bütün bu insanlar
şəhərlərə köçürdülər?
Gəlin qızıla bürünmüş dövrdə buna təkan
verən və şəhər həyatında insanları
cəlb edən bəzi amillərə nəzər salaq.
Təkanverici amillər insanları
öz yaşayış yerlərini
tərk etməyə məcbur edən amillərdir.
Birinci səbəb kimi kasıblıq
və maddi vəziyyətin
yaxşı olmamasını göstərə bilərik.
Kənd təsərrüfatının
maşınlaşdırılması fermerlərin
işinə heç də müsbət təsir göstərmir.
Miqrasiya edən insanların təxminən
1/3 hissəsi fermaları tərk edib
sənaye işlərində çalışmağı
düşünən amerikalılar idi.
Digər təkanverici amil
diskriminasiya və təqiblər idi.
Rusiya hökuməti
bu dövrdə yəhudilərə
qarşı kəskin dözülməzlik nümayiş
etdirərək Avropada etnik
təmizləmə siyasəti həyata keçirir.
Cənubi Amerikada Cim Krou
qanunlarının yaranması və
afroamerikalılara qarşı
linçin artması onları
yaşadıqları yerləri tərk
etməyə məcbur edir.
Bəs şəhərlərin hansı "cəlbedici" tərəfləri
onları burada qalmağa vadar edir?
İlkin səbəb budur ki, immiqrantların bir
çoxu şəhərlərə gəldikdən sonra buranı
tərk etmək üçün kifayət
qədər pula sahib deyildilər.
Ona görə də geri qayıda bilmirlər.
Digər əsas səbəb isə iş imkanlarının
məhz şəhərlərdə olması idi.
Buxar mühərriki və elektrifikasiyanın
inkişafı fabrik-zavodları
suyollarından kənarda da
inşa etməyə imkan verdi.
Başqa sözlə, şəhərlər sənaye
mərkəzlərinə çevrildilər.
Hər şəhər, əsasən, bir sahə
üzrə inkişaf edirdi:
Pitsburq polad istehsalı üzrə, Çikaqo
ət qablaşdırılması, Nyu-York
isə geyim istehsalı üzrə.
Şəhərlərdə artıq müxtəlif
icmalar da yaranır.
Əvvəlki immiqrantlar geridə
qoyduqları ailələrinə
köçmək üçün maddi yardım və özləri
haqda məlumat göndərə bilirdilər.
Bu, şəhərlərdə qonşuluq əlaqələrinin
inkişafına səbəb oldu:
oxşar tarixi keçmişə sahib
insanlar eyni dildə danışır,
eyni yeməkləri yeyir
və bir-birlərinə yardım edirdilər.
Bu etnik anklavlarda insanlar öz
dillərində qəzet ala və hətta teatr
tamaşalarına da baxa bilirdilər.
İndi isə gəlin həmin dövrdə
Amerikaya köçmüş iki
immiqrantla tanış olaq.
Bunlardan birincisi 1880-ci ildə,
16 yaşında ikən
Çindən San Fransiskoya
köçmüş Lii Çudur.
O yazırdı:
"Mən San Fransiskoya gələndə çinlilərin
təcrid aktı hələ qəbul olunmamışdı.
Yarı ac, yarı tox idim, çünki bu əcnəbi
xalqın yeməklərini yeməkdən çəkinirdim.
Bir neçə gün çinlilər üçün ayrılmış
sığınacaqda qaldıqdan sonra
özümü daha yaxşı hiss etməyə başladım.
Bir şəxsin yardımı ilə amerikalı bir ailə
məni qulluqçu kimi işə götürdü.
Çalışmağa başlayanda ingilis dilində
bir söz belə bilmirdim,
ev işlərindən isə başım çıxmırdı.
Ev sahibəsinin nə dediyini başa düşmürdüm,
ona görə də mənə necə bişirməli, yumalı,
ütüləməli, süpürməli, toz almalı,
yataqları toplamalı, qab yumalı, pəncərə
silməli, boyamalı, bıçaq
və çəngəlləri parlatmalı
olduğumu göstərərək öyrətdi.
6 aydan sonra
artıq hər şeyin öhdəsindən
bacarıqla gəlirdim.
Həftəlik qazandığım 5 dolların
4 dollar 25 sentini kənara qoyurdum.
Müəyyən qədər ingilis dili də öyrənmişdim.
Ailəmə pul da göndərirdim.
Yaxşı geyinməyimə, tez-tez Çin
teatrına getməyimə
və Çin qəsəbəsində nahar
etməyimə baxmayaraq ilk
6 ayda artıq 50 dollar toplaya bilmişdim."
İkinci immiqrant Belarusdan
Bostona 1894-cü ildə, 13
yaşında ikən köçən Meri Entindir.
O yazırdı:
"İlk yeməyimiz çox fərqli bir təcrübə idi.
Atam qabında müxtəlif yazılar
olan konserv məhsullarından
müxtəlif yeməklər hazırlayırdı.
O bizə "banan" adlanan qəribə,
sürüşkən bir meyvə göstərmək istəmiş,
ancaq həmin an bundan vaz keçmişdi.
Buradakı ikinci günümüzdə balaca
bir qız bizə yaxınlaşaraq
məktəbə getməyi təklif etdi.
Atamdan fərqli olaraq biz beşimiz
ingiliscə bir neçə söz bilirdik.
Bunlardan biri məktəb sözü idi
və qızcığazın nə demək
istədiyini başa düşdük.
Dünənə qədər bizi tanımayan,
adlarımızı belə tələffüz
edə bilməyən, bizdən heç də
yaxşı geyinməmiş bu uşaq bizə Bostonun
azad təhsil imkanını təklif edirdi.
Biz başdan ayağa qədər amerikalı kimi
geyinmək üçün mağazalara getdik.
Dəmir sobanın sirlərini,
paltaryuma taxtası və
danışma borusundan istifadə etməyi,
ən önəmlisi isə ingilis
dilini öyrənməli idik.
Xor görülən köhnə paltarlarımızla yanaşı
yəhudi adlarımızı da geridə qoyduq.
Bir neçə ildən sonra
dostlarımızdan ibarət bir komitə
köhnə adlarımızın
Amerika versiyalarını yaratdı."
Bəs siz Lii Çu və Meri Entinin təcrübələri
arasında hansı oxşar və fərqli
cəhətləri görürsünüz?
Sizcə, Amerikaya köçmə səbəbləri nə idi
və həyatları qarşıdan
gələn illərdə necə olacaq?