Gördüyünüz diaqram 1860-1900-cü illər arasında ABŞ-ın 4 şəhərindəki əhali artımını göstərir. Vətəndaş müharibəsindən əvvəl, yəni 1860-cı ildə Nyu-York ABŞ-ın ən böyük şəhəri olmasına baxmayaraq əhali sayı bir milyondan çox deyildi. Əslində, bütün ölkədə bir milyondan çox əhaliyə sahib şəhər yox idi desək, daha doğru olar. Təxminən 40 il sonra isə artıq üç şəhərin əhali sayı bir milyonu keçir, Nyu-York əhalisi isə 3,5 milyona çatır. Çikaqonun əhali artımı daha kəskin idi: belə ki, 1860-cı ildə yalnız yüz min olan əhali sayı 1900-cü illərdə 17 dəfə artır və 1,7 milyon olur. Ənənəvi olaraq amerikalılar, əsasən, kənd təsərrüfatı ilə məşğul olublar, ancaq 19-cu əsrdən başlayaraq urbanizasiyaya meyil artdı. 1920-ci ildən ilk dəfə şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb keçdi. Bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayırlar. Bəs vətəndaş müharibəsindən sonra baş verən bu artımın əsas səbəbi nə idi? Əsas faktorlar sənayeləşmə, immiqrasiya və miqrasiya idi. Bu zamana qədər birinci sənaye inqilabının ixtiralarından tutmuş 1840-cı illərdə alman və irland immiqrantların amerikalılarla birgə qərbə doğru köçünə qədər müxtəlif məsələlərdən bəhs etmişik. Bu üç anlayışın heç biri ABŞ cəmiyyətində yeni deyildi, ancaq hər biri şəhərlərin inkişafına xüsusi şəkildə təsir göstərir. Dəyişən amillərdən biri insanların çalışdığı peşələrlə bağlı idi. Qızıla bürünmüş dövrdə ABŞ əmək bazarında kəskin dönüş baş verir. 1880-ci ildə müəyyən maaş qarşılığında sahibkarlar üçün çalışan işçilərin sayı öz işini özü idarə edən, istədiyi vaxt əkin-biçinlə məşğul olan fermerlərin sayını ötüb keçdi. Vətəndaş müharibəsindən sonra baş verən ikinci sənaye inqilabı dövründə sənaye istehsalı güclü şəkildə inkişaf edir. Fabrik-zavod sahəsində geniş iş imkanı vardı və bunların əksəriyyəti xüsusi bacarıq tələb etmədiyindən işçilər işə başlamazdan əvvəl heç bir məşğələ keçmirdilər. Qısası, insanlar ferma işlərindən uzaqlaşaraq sahibkarlar üçün görülən zavod işlərinə yönəlirlər. Digər bir dəyişiklik immiqrant və miqrantların milliyəti ilə bağlıdır. 1840-cı ilə qədər ABŞ-a köçən immiqrantlar, əsasən, maddi vəziyyətləri yaxşı olan və Avropanın şimal və qərbindən gələn protestantlar idilər. Vətəndaş müharibəsindən sonra ABŞ-da mövcud olan iş imkanları və digər faktorlar ölkəyə müxtəlif insanlar cəlb edir. Bu yeni immiqrantlar, əsasən, cənubi və şərqi Avropadan, Meksikadan, Asiyadan idilər və əvvəlki immiqrantlardan özlərinin dəri rənginə, aşağı maddi vəziyyətlərinə, katolik, yaxud yəhudi olmalarına görə fərqlənirdilər. Əlavə olaraq afroamerikalılar da cənubdan şimal və Orta Qərb şəhərlərinə köçməyə başladılar. Bu yeni immiqrant və miqrantlar böyük işçi qüvvəsi mənasına gəlirdi. Bəs nəyə görə bütün bu insanlar şəhərlərə köçürdülər? Gəlin qızıla bürünmüş dövrdə buna təkan verən və şəhər həyatında insanları cəlb edən bəzi amillərə nəzər salaq. Təkanverici amillər insanları öz yaşayış yerlərini tərk etməyə məcbur edən amillərdir. Birinci səbəb kimi kasıblıq və maddi vəziyyətin yaxşı olmamasını göstərə bilərik. Kənd təsərrüfatının maşınlaşdırılması fermerlərin işinə heç də müsbət təsir göstərmir. Miqrasiya edən insanların təxminən 1/3 hissəsi fermaları tərk edib sənaye işlərində çalışmağı düşünən amerikalılar idi. Digər təkanverici amil diskriminasiya və təqiblər idi. Rusiya hökuməti bu dövrdə yəhudilərə qarşı kəskin dözülməzlik nümayiş etdirərək Avropada etnik təmizləmə siyasəti həyata keçirir. Cənubi Amerikada Cim Krou qanunlarının yaranması və afroamerikalılara qarşı linçin artması onları yaşadıqları yerləri tərk etməyə məcbur edir. Bəs şəhərlərin hansı "cəlbedici" tərəfləri onları burada qalmağa vadar edir? İlkin səbəb budur ki, immiqrantların bir çoxu şəhərlərə gəldikdən sonra buranı tərk etmək üçün kifayət qədər pula sahib deyildilər. Ona görə də geri qayıda bilmirlər. Digər əsas səbəb isə iş imkanlarının məhz şəhərlərdə olması idi. Buxar mühərriki və elektrifikasiyanın inkişafı fabrik-zavodları suyollarından kənarda da inşa etməyə imkan verdi. Başqa sözlə, şəhərlər sənaye mərkəzlərinə çevrildilər. Hər şəhər, əsasən, bir sahə üzrə inkişaf edirdi: Pitsburq polad istehsalı üzrə, Çikaqo ət qablaşdırılması, Nyu-York isə geyim istehsalı üzrə. Şəhərlərdə artıq müxtəlif icmalar da yaranır. Əvvəlki immiqrantlar geridə qoyduqları ailələrinə köçmək üçün maddi yardım və özləri haqda məlumat göndərə bilirdilər. Bu, şəhərlərdə qonşuluq əlaqələrinin inkişafına səbəb oldu: oxşar tarixi keçmişə sahib insanlar eyni dildə danışır, eyni yeməkləri yeyir və bir-birlərinə yardım edirdilər. Bu etnik anklavlarda insanlar öz dillərində qəzet ala və hətta teatr tamaşalarına da baxa bilirdilər. İndi isə gəlin həmin dövrdə Amerikaya köçmüş iki immiqrantla tanış olaq. Bunlardan birincisi 1880-ci ildə, 16 yaşında ikən Çindən San Fransiskoya köçmüş Lii Çudur. O yazırdı: "Mən San Fransiskoya gələndə çinlilərin təcrid aktı hələ qəbul olunmamışdı. Yarı ac, yarı tox idim, çünki bu əcnəbi xalqın yeməklərini yeməkdən çəkinirdim. Bir neçə gün çinlilər üçün ayrılmış sığınacaqda qaldıqdan sonra özümü daha yaxşı hiss etməyə başladım. Bir şəxsin yardımı ilə amerikalı bir ailə məni qulluqçu kimi işə götürdü. Çalışmağa başlayanda ingilis dilində bir söz belə bilmirdim, ev işlərindən isə başım çıxmırdı. Ev sahibəsinin nə dediyini başa düşmürdüm, ona görə də mənə necə bişirməli, yumalı, ütüləməli, süpürməli, toz almalı, yataqları toplamalı, qab yumalı, pəncərə silməli, boyamalı, bıçaq və çəngəlləri parlatmalı olduğumu göstərərək öyrətdi. 6 aydan sonra artıq hər şeyin öhdəsindən bacarıqla gəlirdim. Həftəlik qazandığım 5 dolların 4 dollar 25 sentini kənara qoyurdum. Müəyyən qədər ingilis dili də öyrənmişdim. Ailəmə pul da göndərirdim. Yaxşı geyinməyimə, tez-tez Çin teatrına getməyimə və Çin qəsəbəsində nahar etməyimə baxmayaraq ilk 6 ayda artıq 50 dollar toplaya bilmişdim." İkinci immiqrant Belarusdan Bostona 1894-cü ildə, 13 yaşında ikən köçən Meri Entindir. O yazırdı: "İlk yeməyimiz çox fərqli bir təcrübə idi. Atam qabında müxtəlif yazılar olan konserv məhsullarından müxtəlif yeməklər hazırlayırdı. O bizə "banan" adlanan qəribə, sürüşkən bir meyvə göstərmək istəmiş, ancaq həmin an bundan vaz keçmişdi. Buradakı ikinci günümüzdə balaca bir qız bizə yaxınlaşaraq məktəbə getməyi təklif etdi. Atamdan fərqli olaraq biz beşimiz ingiliscə bir neçə söz bilirdik. Bunlardan biri məktəb sözü idi və qızcığazın nə demək istədiyini başa düşdük. Dünənə qədər bizi tanımayan, adlarımızı belə tələffüz edə bilməyən, bizdən heç də yaxşı geyinməmiş bu uşaq bizə Bostonun azad təhsil imkanını təklif edirdi. Biz başdan ayağa qədər amerikalı kimi geyinmək üçün mağazalara getdik. Dəmir sobanın sirlərini, paltaryuma taxtası və danışma borusundan istifadə etməyi, ən önəmlisi isə ingilis dilini öyrənməli idik. Xor görülən köhnə paltarlarımızla yanaşı yəhudi adlarımızı da geridə qoyduq. Bir neçə ildən sonra dostlarımızdan ibarət bir komitə köhnə adlarımızın Amerika versiyalarını yaratdı." Bəs siz Lii Çu və Meri Entinin təcrübələri arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz? Sizcə, Amerikaya köçmə səbəbləri nə idi və həyatları qarşıdan gələn illərdə necə olacaq?